Suriya ordusu İraqla sərhəd boyunca yerləşən hərbi bölmələrində döyüş hazırlığını ən yüksək səviyyəyə çatdırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Sözcü” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, xüsusilə strateji əhəmiyyət daşıyan Deyrizor bölgəsində hərbi aktivlik artıb. Bölgədə yerləşən hərbi birləşmələrin təhlükəsizlik tədbirlərini gücləndirdiyi və tam səfərbərlik vəziyyətinə keçdiyi bildirilib.
Qeyd olunub ki, sərhəd xəttində görülən bu fövqəladə tədbirlərin səbəbi ilə bağlı Suriya rəsmiləri hələlik açıqlama verməyiblər.
Hərbi ekspertlərin fikrincə, ordunun bu addımı İraq sərhədində yarana biləcək potensial təhlükələrə, silahlı qruplaşmaların hərəkətliliyinə və sərhəd təhlükəsizliyinə qarşı preventiv tədbir kimi qiymətləndirilir. Bildirilib ki, sərhəd boyunca yerləşən hərbi hissələr yüksək döyüş hazırlığı rejimində fəaliyyətini davam etdirir.
Xatırladaq ki, bundan əvvəl Suriya Prezidenti Əhməd əş-Şara İsraillə təhlükəsizlik sahəsində razılaşmalar əldə etməyi hədəflədiklərini bəyan etmişdi.