Sudan qanunsuz istifadə halları aşkarlanıb

Sudan qanunsuz istifadə halları aşkarlanıb
11.07.2023 15:09
Aa
dəq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Sumqayıt şəhərində içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirlər gücləndirib. Bu məqsədlə Sumqayıt şəhərində keçirilən nəzarət tədbirləri nəticəsində sudan qanunsuz istifadə halları aşkarlanıb. Sülh küçəsi, 76-cı məhəllə adlanan ərazidə fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər, texniki şərt almadan, müqavilə bağlamadan yaxınlıqdan keçən su şəbəkəsinə qeyri-qanuni birləşmələr verərək mənzilləri içməli su ilə təmin edib. Bundan başqa, adıçəkilən ünvanda yerləşən bir neçə həyət evinin sudan uçotsuz istifadə etdiyi aşkar olunub. Mənzil sahibləri yaxınlıqdan keçən magistral xəttə birləşmə verərək suyu talayıblar. Əraziyə dəvət olunmuş qəza briqadası tərəfindən qeyri-qanuni çəkilmiş su xətləri ləğv edilib.

Nəzarət tədbirləri zamanı fərdi yaşayış evləri ilə yanaşı kommersiya obyektlərində də sudan qanunsuz istifadə halları müəyyən edilib. Şəhərin 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsində yerləşən “Cafe shop” adlı kafedə sudan qanunsuz istifadə faktı aşkarlanıb. Obyektin sahibi texniki şərt almadan, müqavilə bağlamadan özbaşına yaxınlıqda yerləşən yaşayış binasının su xəttinə qoşulma edib. Oxşar vəziyyətə şəhərin 12-ci mikrorayon ərazisində yerləşən “Caillou Scholl” tədris mərkəzində də rast gəlinib. Tədris mərkəzinin yaxınlığındakı binanın su xəttinə özbaşına birləşmə edilərək sudan qanunsuz istifadə edilib. Obyektin icarədarına qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edilsə də, o buna məhəl qoymayaraq, belə hala təkrar yol verib. Qanunsuz xətlər kəsilərək ləğv edilib.

Mənzil və obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bu ilin yanvar-iyun aylarında ölkə üzrə 8 899, Sumqayıt şəhərində isə 202 fakt aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Həftənin ən çox oxunanları