Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Report"-a istinadən xəbər verir ki, iş üzrə təqsirləndirilən şəxslər mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə rəisləri Hamlet Mustafayev ilə Elnur Əhmədlidir.
Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda, Dövlət Yanğın Nəzarəti Xidmətinin böyük inspektoru Aqşin Səmədov şahid qismində ifadə verib. O bildirib ki, 2023-cü ilin iyun ayına qədər mərkəzdə yanğın təhlükəsizliyi yoxlamaları aparılıb. Yoxlamalar əsasən ilin ilk rübündə həyata keçirilir.
Şahid ifadəsində qeyd edib:
"Onlara yanğın təhlükəsizliyi ilə bağlı mərkəzin akt zalında nəzəri təlimlər keçirilib. Yanğın zamanı təxliyənin haradan və necə həyata keçirildiyi barədə məlumatlar verilib. Yanğın təhlükəsizliyi ilə bağlı gecə yoxlamaları aparılıb. Yoxlama zamanı nöqsanlar aşkar edildikdə, protokol tərtib edilib, bəzən cərimə də tətbiq edilib. Lakin işlədiyim dövr ərzində məhkəməyə göndərilməsi lazım olan hal baş verməyib"
Sabiq direktor Mehriban Abasquliyevanın vəkili iclasda vəsatət qaldıraraq, yanğın zamanı körpələrin başqa xəstəxanalara köçürülməsində iştirak edən tibb işçilərinin şahid qismində çağırılmasını tələb edib. Vəkil bildirib ki, körpələr Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər onların yanına buraxılmayıb və tibbi yardım göstərilməyib. Nəticədə, bəzi körpələrin həyatı itirilib.
Məhkəmə vəsatəti təmin etməyib. Növbəti iclas 4 fevral tarixində keçiriləcək.