ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri ən qısa zamanda Hörmüz boğazından keçən neft tankerlərini müşayiət etməyə başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bessent açıqlamanı "Sky News"ə verdiyi müsahibədə deyib.
O qeyd edib ki, “Əminəm ki, hərbi cəhətdən mümkün olan kimi ABŞ Hərbi Dəniz Qüvvələri, bəlkə də beynəlxalq koalisiya ilə birlikdə, gəmiləri müşayiət edəcək”.
Bessent əlavə edib ki, bu müşayiət ABŞ-ın İran hava məkanı üzərində tam nəzarəti bərqərar etməsindən sonra mümkün olacaq.
Maliyyə naziri bildirib ki, hazırda bəzi tankerlər, o cümlədən Çin bayrağı altında olanlar boğazdan keçib və “bilirik ki, onlar boğazı minalayıblar”. O həmçinin vurğulayıb ki, İrana qarşı hərbi əməliyyatlar hazırda ABŞ-yə təxminən 11 milyard dollara başa gəlir.
Qeyd olunur ki, Britaniyanın müdafiə naziri Con Heli İranın Hörmüz boğazında mina quraşdırmağa başladığını açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp isə İranı boğazı minalayacağı təqdirdə sərt tədbirlər görəcəyi ilə hədələmiş və ABŞ ondan çox mina məhv edən gəminin məhv edildiyini elan etmişdi.
Martın 12-də İranın Ali Lideri Müctəba Xamenei isə bildirib ki, İslam Respublikası hakimiyyəti Hörmüz boğazının blokadasını ləğv etməyəcək.