Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin kralı Həməd bin İsa Al Xəlifə ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, görüş zamanı Bəhreyn kralı Azərbaycanın inkişafını yüksək qiymətləndirib, həmçinin iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib - YENİLƏNİB
O, ikitərəfli əlaqələrin genişləndirilməsində parlamentlərin mühüm rol oynadığını qeyd edib.
Sahibə Qafarova Azərbaycan–Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslandığını bildirib.
Onun sözlərinə görə, mövcud siyasi əlaqələr iqtisadiyyat, investisiya və turizm də daxil olmaqla digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Milli Məclisin sədri bu il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu da diqqətə çatdırıb.
Görüşdə iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.
Sahibə Qafarova qeyd edib ki, bu səfər Azərbaycan Milli Məclisi sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfəridir. O, parlament sədrlərinin və deputatların qarşılıqlı səfərlərinin, eləcə də sıx təmasların qanunvericilik orqanları arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.