Rusiya Prokurorluğu çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı bloqer Hüseyn Həsənov üçün 6 il azadlıqdan məhrumetmə və 155 milyon rubl (təxminən 3.3 milyon AZN) cərimə cəzası istəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxs beynəlxalq axtarışda olduğu və xaricdə gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir. İşin materiallarına görə, 2019-2021-ci illər ərzində H. Həsənov büdcəyə 175 milyon rubl (təxminən 3.8 milyon AZN) vergi ödəməyib və bu vəsaitin bir hissəsini daşınmaz əmlaka yatıraraq leqallaşdırıb. Borcunu sonradan ödədiyi üçün vergidən yayınma ittihamı üzərindən götürülüb.
Hazırda BƏƏ-də yaşadığı ehtimal edilən bloqer çirkli pulların yuyulması ittihamını qəbul etmir. Onun vəkili Mixail Yusupov bildirib ki, Həsənov dövlətə ümumilikdə 300 milyon rubla yaxın ödəniş edərək borcunu tam bağlayıb.