Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələr davam edib. Ukrayna sərhəd xidmətinin məlumatına görə, Rusiya gecə saatlarında Ukrayna-Moldova sərhədində yerləşən keçid məntəqəsinə zərbə endirib.
Odessa vilayətinin qubernatoru Oleh Kiperin açıqlamasına əsasən, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Daha 16 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Starokozache kəndi yaxınlığındakı keçid məntəqəsi hücumdan sonra fəaliyyətini dayandırıb.
Rusiya zərbələri Ukraynanın cənubundakı Nikolayev şəhərində liman, nəqliyyat və mülki infrastruktura da ziyan vurub. Yerli rəsminin bildirdiyinə görə, hücum nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Ukraynanın Dnepr şəhərinə endirilən zərbələr nəticəsində 51 yaşlı kişi və 52 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Xersonda isə Rusiya dronunun yaşayış binasına çırpılması nəticəsində 70 yaşlı qadın həlak olub. Xarkov vilayətinin Zoloçiv kəndində baş verən dron hücumunda üç nəfər yaralanıb və inzibati binalara ziyan dəyib.
Ukrayna tərəfi isə Rusiyanın Novorossiysk şəhərindəki neft terminalına dronlarla zərbə endirib. Ukraynanın “The Kyiv Independent” qəzeti bu barədə monitorinq kanallarına istinadən məlumat yayıb. Novorossiysk meri Andrey Kravçenko şəhərdə dron hücumlarının baş verdiyini təsdiqləyib və sakinləri pəncərəsiz otaqlara və ya zirzəmilərə sığınmağa çağırıb.
Ukraynanın paytaxtı Kiyevin bir neçə rayonuna da gecə saatlarında zərbələr endirilib. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücumlar yanğınlara səbəb olsa da, ölən və yaralanan olmayıb.
ABŞ dövlət katibi Marko Rubio isə Rusiya-Ukrayna sülh danışıqlarının yaxın həftələrdə bərpa oluna biləcəyini bildirib. O, tərəflər üçün məqbul həllə nail olmaq məqsədilə fəaliyyət planının hazırlanması imkanının olduğunu deyib.