Almaniyanın artan hərbi qüdrəti Fransada narahatlıq yaradıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin yazdığına görə, Fransadakı bəzi dairələr Berlinin müdafiə xərclərini müttəfiqləri üçün əlçatmaz səviyyəyə qaldırmasından və bunun nəticəsində Avropada siyasi ağırlıq mərkəzinin şərqə doğru dəyişməsindən ehtiyat edirlər.
Nəşr qeyd edir ki, Fransa Almaniyanın yenidən silahlanmaya böyük vəsait ayırmasını və qitədə uzun müddətdir mövcud olan güc balansını poza biləcək addımlarını həyəcanla izləyir.
Bloomberg-in məlumatına görə, Berlin NATO daxilində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir. Almaniya 2029-cu ilə qədər müdafiə sahəsinə 500 milyard avrodan çox vəsait xərcləməyi və bununla da Alyansın ÜDM-in 3,5 faizinin hərbi xərclərə yönəldilməsi ilə bağlı yeni hədəfinə çatmağı planlaşdırır. Qeyd olunur ki, Almaniya bu göstəriciyə NATO-nun müəyyən etdiyi müddətdən altı il əvvəl nail olmağı hədəfləyir.