ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasını xüsusi təbriklə qeyd edib. Bununla bağlı səfirliyin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, paylaşımda bu nəticənin Azərbaycan futbolu tarixində ilk dəfə əldə olunduğu vurğulanıb. Bildirilib ki, “Qarabağ”ın Avropanın ən nüfuzlu klub turnirində göstərdiyi ardıcıl və inamlı çıxışlar əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın bariz nümunəsidir.
Təbrik mesajında, həmçinin idmanın xalqları və mədəniyyətləri bir araya gətirən universal gücünə diqqət çəkilib. Qeyd olunub ki, ABŞ-ın iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyinə hazırlaşdığı bir dövrdə futbolun milyonlarla azarkeşi sevindirən, sərhədləri aşan təsiri bir daha ön plana çıxır.
Səfirlik gələcəkdə də dünya üzrə futbolsevərlərə yaddaqalan və ilhamverici anların yaşadılacağına inamını ifadə edib.