Pakistan və Əfqanıstanın Çin vasitəçiliyi ilə davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başladığı iddia edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Adlarının açıqlanmasını istəməyən rəsmilər "Associated Press"-ə (AP) bildiriblər ki, Pakistan və Əfqanıstan bir aydan çox davam edən toqquşmaları dayandırmağı hədəfləyir və hər iki ölkənin nümayəndələri Sincan Uyğur Muxtar Rayonunun inzibati mərkəzi olan Urumçidə görüşüblər.
Çin rəsmiləri isə məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.
Eyni zamanda, Pakistan Xarici İşlər Nazirliyindən də AP-nin xəbəri ilə bağlı heç bir açıqlama verilməyib.
Digər tərəfdən, iki pakistanlı rəsmi CNN-ə bildirib ki, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darın Çin səfəri zamanı Pekinin zəmanətçi kimi çıxış etmə ehtimalı müzakirə olunub.
Həmçinin mənbələr Pakistan prezidenti Asif Əli Zərdarinin regional vəziyyəti müzakirə etmək üçün İslamabaddakı Çin səfirliyində görüşlər keçirdiyini iddia ediblər.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü isə Çinlə aparılan danışıqlarla bağlı sualları cavablandırmaqdan imtina edərək bu görüşlərin “çox həssas” olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyi də CNN-in məsələ ilə bağlı şərh sorğusunu cavabsız qoyub.
Bundan əlavə, Kabildə yerləşən "Tolo News"a danışan mənbələr Əfqanıstandan 5 nəfərlik nümayəndə heyətinin Pakistanla danışıqlar aparmaq üçün Çinə yola düşəcəyini bildiriblər.
Qeyd olunub ki, heyətdə Əfqanıstanın Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirlikləri, həmçinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri yer alır.