Azərbaycan Respublikasının Ombudsmanı Xocalı soyqırımının ildönümü ilə bağlı rəsmi bəyanat yayıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ombudsman Aparatından məlumat verilib.
Xocalı faciəsinin dəhşətli statistikası: 613 qurban
Bəyanatda qeyd edilib ki, 26 fevral 1992-ci il tarixində Xocalı şəhərində dinc əhaliyə qarşı amansız cinayət törədilib. Faciədən 34 il ötür. Bu hadisə zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə 613 nəfər dinc və silahsız mülki əhali etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilib.
Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə törətdiyi bu qətliam, mülki əhalinin məhz etnik azərbaycanlı olduqlarına görə amansızcasına öldürülməsi faktıdır. Bu, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur.
Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmişdir. Habelə 68-i qadın, 26-sı uşaq olmaqla 1275 nəfər girov götürülmüş, ağır müharibə cinayətləri törədilmişdir.
Beynəlxalq hüquq və insanlıq əleyhinə cinayət
Soyqırımı cinayətinin əlamətlərini özündə ehtiva edən bu ağır cinayət əməli bəşər tarixinin ən faciəvi səhifələrindən biridir. Bu, fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Əvvəlcədən planlaşdırılmış bu cinayətlər etnik azərbaycanlıları milli əlamətlərinə görə qətlə yetirmək, onları tarixən yaşadıqları torpaqlardan zorla didərgin salmaq məqsədi daşımışdır.
Xocalı soyqırımı törədilən zaman beynəlxalq insan hüquqları və humanitar hüquq normaları kobud şəkildə tapdanmışdır. Buraya Cenevrə konvensiyaları, “Mülki və siyasi hüquqlar haqqında”, “Uşaq hüquqları haqqında” və “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” beynəlxalq paktlar daxildir. Xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq və işgəncəyə məruz qalmamaq hüquqları pozulmuşdur.
"Xocalıya ədalət" və siyasi-hüquqi qiymət
Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmişdir. Məhz bu təşəbbüslə 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu cinayətin dünya ictimaiyyəti tərəfindən tanınmasında mühüm rol oynayır. Kampaniya, soyqırımı hadisəsi ilə bağlı beynəlxalq məlumatlılığın artırılması və ədalətin bərqərar olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Azad olunmuş torpaqlarda yeni faktlar və ədalət mühakiməsi
Vətən müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xocalı şəhərində yenidənqurma işləri sürətlə aparılır. Sakinlər artıq öz doğma torpaqlarına qayıdırlar.
Həmin ərazilərdə aparılan bərpa işləri zamanı kütləvi məzarlıqlar aşkar edilmişdir. İşgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqları tapılaraq identifikasiya edilmiş və dəfn olunmuşdur. Bu faktlar Xocalı soyqırımının və törədilmiş ağır müharibə cinayətlərinin danılmaz sübutlarıdır.
Cinayətlərdə iştirak edən bir sıra şəxslər antiterror tədbirləri zamanı tutulmuşdur. Onlar hazırda beynəlxalq hüquq normaları nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində mühakimə olunurlar.
Beynəlxalq ictimaiyyətə çağırış
Bəyanatın sonunda qeyd olunur: "Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirəm. Beynəlxalq təşkilatları və dünya ictimaiyyətini XX əsrin ən qanlı qətliamlarından biri sayılan bu soyqırımı cinayətinə hüquqi qiymət verməyə çağırıram. Dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslərin hamısının ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa dəvət edirəm".