ABŞ-də baş verən şiddətli qış fırtınası ölkənin böyük bir hissəsində həyatı iflic edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "PowerOutage.us" portalına istinadən xəbər verir ki, Texasdan şərqə doğru uzanan geniş ərazidə 1 milyondan çox abunəçi işıqsız qalıb.
Sinoptiklər fırtınanın ölkənin şərq hissəsinə doğru irəliləyəcəyi və rekord dərəcədə soyuq temperaturların müşahidə olunacağı barədə xəbərdarlıq ediblər.
Milli Hava Xidməti (NWS) buzlanma və şaxtalı hava şəraitinin bəzi bölgələrdə "fəlakətli təsirlərə" yol aça biləcəyini bəyan edib.
ABŞ Prezidenti Donald Tramp fırtınanı "tarixi" adlandıraraq Cənubi Karolina, Virciniya, Tennessi və digər 9 ştatda federal fövqəladə vəziyyət elan olunmasını təsdiqləyib.
Prezident "Truth Social" hesabında vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə və isti qalmağa çağırıb.
Daxili Təhlükəsizlik Departamenti (DHS) vətəndaşlara yanacaq və qida ehtiyatı toplamağı tövsiyə edib. Hazırda kommunal xidmət briqadaları elektrik enerjisinin bərpası istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.