Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, agentlik İranın nüvə silahı hazırlamadığına dair konkret dəlil təqdim edə bilməz.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Qrossi bu açıqlamanı Rusiya tərəfi ilə qurumlararası məsləhətləşmələrdən sonra verib.
"Açıqlıq gətirmək istərdim ki, son illərdə BAEA-nın yoxlama çıxışının son dərəcə məhdud olması, uranın zənginləşdirilməsi səviyyəsinin silah səviyyələrinə yaxın artması və İranın nüvə infrastrukturu obyektlərinə çıxışımızın ciddi şəkildə məhdudlaşdırılması nəzərə alınmaqla, bu cür silahların əslində yaradılmadığına dair konkret və sübut edilə bilən dəlillər təqdim edə bilmərik", - o qeyd edib.
Qrossi həmçinin bildirib ki, MAQATE İranın nüvə proqramı ilə bağlı məsələlərdə obyektivliyə çalışır.
"İranın nüvə proqramı həmişə problemli olub. Hesab edirəm ki, agentliyin bu baxımdan ən vacib vəzifəsi obyektivliyi qorumaqdır. Buna görə də, işimizin əsasını nüvə silahı hazırlamaq planlarının mövcudluğunu təsdiqləmək və ya inkar etmək üçün müntəzəm yoxlamalar təşkil edir", - Qrossi vurğulayıb.