ABŞ-nin MLS liqasında yeni mövsümün açılış oyunu gözlənilməz hadisələrlə yadda qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Lionel Messinin çıxış etdiyi "Inter Miami" klubu "Los Angeles" səfərində 0:3 hesablı ağır məğlubiyyətə uğrayıb.
Meydan sahibləri çempion komandanı soyuqqanlı oyunla darmadağın edərək mövsümə inamlı start veriblər.
Lakin qarşılaşmadan daha çox Messinin final fiti çalındıqdan sonrakı reaksiyası müzakirə obyektinə çevrilib. Kameralar ulduz futbolçunun tuneldə hakimlərə qarşı kəskin narazılığını qeydə alıb.
Komanda yoldaşı Luis Suarez onu sakitləşdirməyə çalışsa da, Messi hakim briqadasına qarşı sərt ifadələr işlədib.
"The Touchline" nəşrinin yaydığı məlumata görə, Messi hakimlərə xitabən aşağıdakı belə deyib:
"Siz həmişə mənasız qərarlar verirsiniz və hər şeyə fit çalırsınız. Siz də hörmət etməyi öyrənməlisiniz. Bizi həmişə fərqli meyarlarla mühakimə edirsiniz".
MLS rəhbərliyi hadisə ilə bağlı araşdırma aparsa da, Messinin hər hansı qayda pozuntusuna yol vermədiyini və intizam cəzasına ehtiyac olmadığını açıqlayıb.
Maraqlıdır ki, oyundan sonra "Los Angeles"in baş məşqçisi Mark dos Santos Messini necə dayandırdıqlarını sadə bir taktika ilə izah edib:
"Heç bir sirr yoxdur, sadəcə nizam-intizamlı və sıx müdafiə olunduq".