Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanına yönəlmiş raket və pilotsuz uçuş aparatlarının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirliyin sözçüsü polkovnik Suud Əbdüləziz əl-Atvan bildirib ki, səhər saatlarında ölkənin hava məkanına daxil olmağa cəhd edən 2 ballistik raket və 13 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Bildirilib ki, hadisə nəticəsində hər hansı maddi ziyan qeydə alınmayıb, xəsarət alan olmayıb.
Nazirliyin açıqladığı statistikaya əsasən, fevralın 28-dən etibarən Küveytin hava hücumundan müdafiə qüvvələri ümumilikdə 906 pilotsuz uçuş aparatını, 383 ballistik raketi və 15 qanadlı raketi zərərsizləşdirib.