Küveyt Xarici İşlər Nazirliyi İranın ölkəyə qarşı təkrarlanan hücumlarını qətiyyətlə pisləyərək, bu addımların regionda gərginliyin azaldılmasına yönəlmiş səyləri zəiflətdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı nazirlik bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, hücumların təkrarlanması Küveytin heç vaxt qəbul etməyəcəyi və dözməyəcəyi sistemli və aqressiv yanaşmanın göstəricisidir.
Vurğulanıb ki, İranın həyata keçirdiyi hücumlar Küveytin suverenliyinin açıq şəkildə pozulması, beynəlxalq hüquq normalarının və BMT Nizamnaməsinin ciddi şəkildə tapdanması deməkdir.
“Küveytin suverenliyinə qarşı yönələn bu hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, regionda gərginliyin azaldılması istiqamətində aparılan səylərə də zərbə vurur”, - bəyanatda bildirilib.
Nazirlik ölkənin təhlükəsizliyini qorumaq, ərazi bütövlüyünü və strateji obyektlərini müdafiə etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını da bəyan edib.