ABŞ Konqresində xaricdə fəaliyyət göstərən Rusiya hərbi mütəxəssislərinə qarşı yönəlmiş ikitərəfli qanun layihəsinin müzakirəsinə başlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "The New York Post" nəşrinə istinadən xəbər verir ki, təqdim olunan sənəd əvvəlki qanunvericilik aktının təkmilləşdirilmiş versiyasıdır.
Yeni qanun layihəsi bir sıra mühüm bəndləri ehtiva edir:
- "Afrika Korpusu" və digər bənzər təşkilatlara qarşı xüsusi sanksiyaların və məhdudlaşdırıcı tədbirlərin tətbiqi;
- Dövlət Departamentinin müvafiq siyahıları mütəmadi olaraq nəzərdən keçirməsi və yeni yaradılan və ya adı dəyişdirilən qruplaşmaların bura daxil edilməsi;
- Venesuela və Qərb yarımkürəsinin digər ölkələrində fəaliyyət göstərən bu cür hərbi birləşmələrin komandanlıq strukturları, maliyyə şəbəkələri və əməliyyatları barədə illik hesabatların hazırlanması.
Məlumata görə, ABŞ hakimiyyəti Rusiyaya qarşı əlavə sanksiyalar hazırlasa da, onların praktiki icrası hələlik müşahidə olunmur.
Eyni zamanda, rəsmi Brüssel də növbəti iqtisadi məhdudiyyətlər paketi və Rusiyanın "kölgə donanması"na qarşı mübarizə tədbirləri üzərində işləyir.
Lakin avropalı rəsmilər bu addımların kifayət qədər təsirli olmadığını və Avropa İttifaqı daxilində Ukrayna üzrə sülh danışıqlarına dair skeptisizmin artdığını bildirirlər.