Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı yaradıcı gənclərin bacarıq və ideyalarını göstərmələri, milli sənət ənənələrini müasir baxışla təqdim etmələri üçün mühüm platforma rolunu oynayır.
Bu baxımdan festivalın birinci gününün növbəti tədbiri xüsusi əhəmiyyət kəsb edib. Cıdır düzündə təşkil olunan konsert proqramında Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri səhnəyə çıxıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, gənc musiqiçilərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim edilib.
Proqramda Qarabağ Universitetinin xanəndəlik, vokal, balaban, piano və digər sinifləri üzrə şagirdlərin çıxışları olub.
Konsert dünyaşöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” əsərinin səsləndirilməsi ilə yekunlaşıb.