Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri də müzakirə ediblər:
"Həyata keçirilən sülh və normallaşma prosesinin regionumuza gətirəcəyi sabitliyin və regional əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq etdik. Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnunluq duyuruq".
H. Fidan deyib ki, proses çərçivəsində atılan addımlar bölgədə faktiki olaraq bərqərar edilən sülhün artıq praktik müstəvidə öz əksini tapdığını göstərir:
"İqtisadi müstəvidə qarşılıqlı əlaqələrin artırılması, nəqliyyat və ticarət marşrutlarının genişləndirilməsi, enerji və logistika sahələrində qarşılıqlı fayda prinsipi əsasında əməkdaşlığın inkişaf etdirilməsi regional sabitliyin əsasını təşkil edəcək. Cənubi Qafqaz məsələlərinin region ölkələri və yaxın qonşular tərəfindən dialoq və əməkdaşlıq əsasında həll edilməsinin vacibliyinə inanırıq. Bu baxımdan, "3+3" regional əməkdaşlıq platformasının mühüm əhəmiyyət daşıdığını düşünürük".