İsrail mətbuatı ölkənin işğal altındakı İordan çayının qərb sahilində baş verən zorakılıq hadisələri və Fələstin torpaqlarının mənimsənilməsi səbəbindən beynəlxalq təcrid dalğası ilə qarşılaşdığını yazıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Bildirilib ki, Avropa ölkələri və beynəlxalq boykot qrupları işğal altındakı ərazilərdəki zorakılıqlar və torpaq qəsblərinə görə israilli nazirlərə, qeyri-qanuni məskunlaşma fəaliyyəti ilə məşğul olan israillilərə və onlarla əlaqəli qurumlara qarşı sanksiyalar, ölkəyə giriş qadağaları və investisiya məhdudiyyətləri tətbiq edir.
Qəzetin məlumatına görə, müxtəlif ölkələr və "Boykot, Təcrid və Sanksiyalar" hərəkatını dəstəkləyən təşkilatların təzyiqlərinin artması fonunda İsrail hökumət rəsmilərini və bəzi qurumları hədəf alan beynəlxalq sanksiyalar ilə üzləşib.
Məlumatda qeyd olunur ki, boykot kampaniyalarının fəaliyyəti 2023-cü ilin oktyabrında Qəzza zolağında başlayan və beynəlxalq aləmdə geniş tənqid olunan hərbi əməliyyatlardan sonra daha da intensivləşib.
Bu çərçivədə Fransa daha əvvəl ölkəyə girişini qadağan etdiyi ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirdən sonra Maliyyə Naziri Bezalel Smotriçə qarşı da analoji qərar qəbul edib. Rəsmi Paris bu addımı adıçəkilən siyasətçilərin işğal altındakı Qərb Sahilinin ilhaqını, yeni məskunlaşma siyasətlərini və Fələstin administrasiyasını zəiflədən təşəbbüsləri dəstəkləməsi ilə əsaslandırıb.
Fransa Prezidenti Emmanuel Makronun Livan üzrə xüsusi nümayəndəsi Jan-İv Le Drian Smotriçin siyasətinin beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin dəstəklədiyi iki dövlətli həll prinsipi ilə uzlaşmadığını bildirib.
Qəzet həmçinin vurğulayıb ki, BDS hərəkatının fəaliyyəti İsrailin beynəlxalq nüfuzuna mənfi təsir göstərməkdə davam edir.