"Real Madrid"in mərkəz müdafiəçisi Viktor Valdepenyas karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 19 yaşlı futbolçunun xidmətində maraqlı olan klubların sayı artmaqdadır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Milan" və "Bolonya" klubları gənc müdafiəçini heyətinə qatmaq üçün ciddi cəhdlər göstərir.
İspaniyalı oyunçunun potensialı təkcə İtaliya təmsilçilərinin diqqətini çəkməyib.
Bildirilir ki, İngiltərənin "Çelsi" və "Arsenal", eləcə də Almaniyanın "Ayntraxt Frankfurt" klubları da futbolçunun oyununu yaxından izləyir.
Viktor Valdepenyas "Real Madrid"in əsas komandasında debütünü ötən ilin dekabrında, La Liqa çərçivəsində "Alaves"ə qarşı keçirilən matçda edib. Bu, gənc müdafiəçinin əsas heyətdə indiyədək yeganə çıxışıdır.
Qeyd edək ki, həm mərkəz, həm də sol cinah müdafiəçisi kimi çıxış edə bilən oyunçunun bazar dəyəri "Transfermarkt" portalı tərəfindən 5 milyon avro olaraq qiymətləndirilir.