İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Livana qarşı hər hansı yeni hərbi əməliyyatını ABŞ ilə imzalanması planlaşdırılan anlaşma memorandumunun pozulması kimi qiymətləndirəcəklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran xarici işlər naziri xarici ölkələrin səfirləri ilə görüşü zamanı açıqlama verib.
“Bizim fikrimizcə, sionist rejimin Livana qarşı hər hansı hərbi hücumu və gələcəkdə Livan ərazilərini işğal etməyə davam etməsi anlaşma memorandumunun pozulması olardı”, - deyə Abbas Əraqçi bildirib.
Qeyd edək ki, ABŞ və İran nümayəndələri, eləcə də danışıqlarda vasitəçi kimi çıxış edən Pakistan tərəflər arasında razılaşmanın əldə edildiyini təsdiqləyiblər. Sazişin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.
İran tərəfinin məlumatına görə, memorandumun imzalanmasından sonra 60 gün ərzində tərəflər, digər məsələlərlə yanaşı, Tehranın nüvə proqramı ilə bağlı məsələləri də müzakirə edəcəklər.
Bildirilib ki, iyunun 15-dən etibarən ABŞ İslam Respublikasına qarşı tətbiq edilən dəniz blokadasını dayandıracaq, həmçinin Livan da daxil olmaqla müxtəlif istiqamətlərdə hərbi əməliyyatların tam və birdəfəlik dayandırılması nəzərdə tutulur.