İlham Əliyev qəbul keçirib - YENİLƏNİB

İlham Əliyev qəbul keçirib - YENİLƏNİB
01.02.2024 14:30
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd edib, bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğulayıb.

Dövlət başçısı deyib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da, heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirib.

Azərbaycan Prezidenti ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zəbrbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Prezident İlham Əliyev bu xüsusda qeyd edib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Qonaq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış edib. Dövlət başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Martin Çunqonq Parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyinin tərəfdarı olmadığı, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini diqqətə çatdırıb.

Qonaq COP29-la bağlı dövlət başçısını təbrik edərək COP29 keçiriləcəyi zaman Parlamentlərarası İttifaq çərçivəsində parlament nümayəndə heyətlərini bir araya gətirən, ətraf mühit və iqlim dəyişikliyi istimaqətlərində beynəlxalq səyləri dəstəkləyən bir tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsü dəstəkləyən dövlət başçısı qonağı Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə də təbriklərini çatdırıb, ölkənin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir edib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzunun artırılması, yeni əməkdaşlıq sahələrinin yaradılması, bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.

Görüşdə qarşıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.

Həftənin ən çox oxunanları

Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib

Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Estoniyanı təbrik edib

Azərbaycan XİN Estoniyanı təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə Prezidenti: Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına, Xocalı soyqırımına qarşı səsini çıxarmadı

Türkiyə Prezidenti: Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına, Xocalı soyqırımına qarşı səsini çıxarmadı
DAVAMIN OXU davamın oxu

BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib

BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib
DAVAMIN OXU davamın oxu

Kuba mətbuatında “Xocalı, insanlığa qarşı cinayət” başlıqlı məqalə dərc olunub

Kuba mətbuatında “Xocalı, insanlığa qarşı cinayət” başlıqlı məqalə dərc olunub
DAVAMIN OXU davamın oxu