Bu ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin nəqli planlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstanın milli operatoru “KazTransOil” şirkətinin məlumatında deyilir.
Bildirilir ki, “KazTransOil” şirkəti magistral neft kəməri ilə BTC istiqamətində növbəti neft partiyasını göndərib: “KazTransOil” Aktau limanında “Prezident Heydər Əliyev” tankerinə 9 959 ton “Tengiz” nefti yükləyib. Bu xammalın nəqli BTC kəməri ilə nəzərdə tutulur. Martın sonunadək bu marşrutla təxminən 10 min ton “Tengiz” neftinin göndərilməsi nəzərdə tutulub".
Martın 24-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən BTC ilə Qazaxıstandan neft tranzitinə başladığı barədə yaydığı məlumata görə, Qazaxıstan neftinin ilk partiyası martın 23-də tankerlə Aktau limanından Səngəçal terminalına çatdırılıb. Növbəti partiya martın 27-də gözlənilirdi.
Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.