Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda aşağıdakı fikirlər yer alıb:
“Zati-aliləri,
Əlahəzrət Kral III Msvati, Kraliça Ana, Esvatini Krallığının Hökuməti və xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram.
Esvatini Krallığı Azərbaycanın inkişaf yolunda qazandığı uğurları, beynəlxalq arenadakı mövqeyini, eləcə də xalqın iradəsini və mətanətini yüksək qiymətləndirir. Sizin rəhbərliyinizlə Azərbaycan qlobal miqyasda nüfuzunu artırıb və xalqınızın bu nailiyyətlərlə qürur duymağa tam əsası var.
Esvatini Krallığı ölkələrimiz arasındakı səmimi dostluq və əməkdaşlıq münasibətlərinə böyük önəm verir. Gələcəkdə xalqlarımızın rifahı naminə bu əlaqələri daha da gücləndirmək niyyətindəyik.
Bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram”.