Qazaxıstanın xam neftini beynəlxalq bazarlara çıxaran əsas marşrut olan “Caspian Pipeline Consortium” (CPC) boru kəməri ilə ixrac həcmi iyul ayında kəskin azalıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Reuters” agentliyinin sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, iyun ayında 5,91 milyon ton təşkil edən neft daşımaları iyulda 4,6 milyon tona düşüb. Bu, aylıq müqayisədə 22 faiz azalma deməkdir.
İxracın azalmasının əsas səbəblərindən biri Qara dəniz regionunda baş verən təhlükəsizlik insidentləri olub.
Məlumata görə, Novorossiysk yaxınlığındakı terminalın ətrafında tankerlərə qarşı həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumları CPC-nin fəaliyyətində fasilələrə səbəb olub.
Qazaxıstan üçün strateji əhəmiyyət daşıyan boru kəməri Rusiya ərazisindən keçərək Qara dənizə çıxır və ölkənin neft ixracında mühüm rol oynayır.
Nəticədə, Qazaxıstan ərazisindən kənarda baş verən təhlükəsizlik insidentləri ölkənin neft gəlirlərinə və ixrac imkanlarına birbaşa təsir göstərir.
Eyni zamanda, Qırğızıstanda da enerji sektorunda problemlər yaşanır.
Rusiyadan yanacaq tədarükünün azalması ölkənin daxili bazarında benzin və dizel yanacağının qiymətlərinin artmasına səbəb olub.
Qırğızıstanın Milli Statistika Komitəsinin məlumatına görə, avqustun 12-nə olan vəziyyətə əsasən, benzin və dizel yanacağının pərakəndə satış qiymətləri iyul ayı ilə müqayisədə 5-12 faiz bahalaşıb.
Rusiya bazarında yaranan yanacaq qıtlığı səbəbindən tədarükün qeyri-sabitləşməsi idxaldan asılı olan Qırğızıstan iqtisadiyyatına təzyiqi artırıb.
Proqnozlara görə, dizel yanacağının bir litrinin 1,48-1,60 dollar, “AI-92” markalı benzinin isə 1,25-1,37 dollar civarında satılması gözlənilir.
Yaranmış vəziyyət fonunda Bişkek hökuməti yanacaq tədarükünü şaxələndirmək üçün yeni imkanları nəzərdən keçirir.
Qırğızıstan rəsmiləri Rusiya ilə yanaşı, Çin və Belarusdan da əlavə yanacaq idxalı imkanlarını araşdırırlar.
Mütəxəssislər hesab edirlər ki, Qazaxıstan və Qırğızıstanda baş verən son proseslər Mərkəzi Asiya ölkələrinin xarici enerji infrastrukturu və təchizat marşrutlarından asılılığını bir daha nümayiş etdirir.