Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumat verilib .
Söhbət zamanı Ceyhun Bayramov İslamabadda məsciddə baş vermiş terror aktını qətiyyətlə pisləyib. Nazir həlak olanların ailələrinə, Pakistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, Azərbaycanın terrorla mübarizədə hər zaman Pakistanın yanında olduğunu xüsusi vurğulayıb.
Telefon danışığı çərçivəsində, eyni zamanda, Azərbaycan–Pakistan tərəfdaşlığının müxtəlif istiqamətləri, iki ölkə arasında əldə olunmuş razılaşmalardan irəli gələn məsələlər və regional təhlükəsizliklə bağlı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
Telefon danışığı zamanı Ceyhun Bayramov İslamabadda baş vermiş partlayışla əlaqədar Azərbaycan Prezidenti, hökuməti və xalqı adından Pakistana başsağlığı verib, Azərbaycanın Pakistanla həmrəy olduğunu bildirib.
Pakistanın Baş nazirinin müavini və XİN rəhbəri hücumu qətiyyətlə pislədiklərini qeyd edərək, ölkəsinin terror təhlükəsi ilə mübarizədə mövqeyinin dəyişməz olduğunu vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq və dostluq münasibətlərini bir daha təsdiqləyiblər.