ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ və İsrail ilə münaqişədə İrana "bir qədər" kömək etdiyini ehtimal etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Tramp qeyd edib ki, Rusiya liderinin bu addımı Vaşinqtonun Ukraynaya göstərdiyi dəstəyə cavab ola bilər:
"Düşünürəm ki, o, bəlkə də onlara (İrana) bir az kömək edir. Yəqin ki, o, bizim Ukraynaya yardım etdiyimizi düşünür, elə deyilmi?"
Verilişin aparıcısı Brayan Kilmidin Vaşinqtonun Kiyevə həqiqətən dəstək verdiyini xatırlatmasına cavab olaraq, Tramp bu faktı təsdiqləyib.
Digər tərəfdən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın İrandan silah da daxil olmaqla hər hansı yardım xahişi almadığını bildirib. Kreml rəsmisi vurğulayıb ki, Rusiya Yaxın Şərqdəki münaqişənin tərəfi deyil.
Qeyd edək ki, martın 9-da Putin və Tramp arasında telefon danışığı baş tutub. Rusiya lideri amerikalı həmkarı ilə İran münaqişəsinin nizamlanması, o cümlədən Körfəz ölkələrinin rəhbərləri ilə apardığı müzakirələrin nəticələri barədə fikirlərini bölüşüb.