Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone hücumçu Xulian Alvareslə bağlı yayılan transfer iddialarına münasibət bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, argentinalı futbolçunun milli komandanın Avstriya ilə oyunundan sonra klubdan ayrılmaq istəyi ilə bağlı açıqlamalar verməsi onun “Barselona” ilə mümkün transferi barədə şayiələri gücləndirib.
Məlumata görə, ESPN-ə danışan Dieqo Simeone Xulian Alvaresin komanda üçün mühüm futbolçu olduğunu vurğulayıb. O bildirib ki, “Atletiko”nun oyun planı və gələcək layihəsi məhz Alvares üzərində qurulub.
Simeone futbolçuya dair yayılan transfer iddialarının hazırkı mərhələdə diqqətə alınmamalı olduğunu qeyd edərək onun yalnız milli komandaya fokuslanmasının vacibliyini bildirib.
Baş məşqçi həmçinin Alvaresi yüksək qiymətləndirərək onu dünyanın ən yaxşı beş futbolçusundan biri adlandırıb və onun peşəkarlığından məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Argentina millisi iyulun 4-ü Bakı vaxtı ilə saat 01:00-da DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində Kabo-Verde yığması ilə qarşılaşacaq.