İstanbulda Ekrem İmamoğlu ilə bağlı məhkəmə prosesi davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İstanbul 59-cu Asliye Cəza Məhkəməsində keçirilən iclasda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və onun vəkilləri iştirak ediblər.
Məlumata görə, Silivridə yerləşən “Marmara” Cəzaçəkmə Müəssisəsinin qarşısındakı zalda keçirilən prosesdə CHP Qrup sədri Özgür Özəl, İBB sədr müavini Nuri Aslan, İmamoğlunun ailə üzvləri və çoxsaylı izləyicilər də yer alıb.
Bildirilir ki, məhkəmə hakimi diplomla bağlı 5-ci İnzibati Məhkəmənin qərarının işə daxil edildiyini və həmin qərarın qüvvəyə minməsinin gözlənildiyini bildirib. İclasın İmamoğlunun müdafiə çıxışı ilə davam etdiyi qeyd olunur.
Qeyd olunur ki, İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı ittiham aktında 2024-cü ilin sentyabrında İmamoğlu haqqında diplomun saxta olması ilə bağlı şikayət daxil olduğu iddia edilir.
Məlumata əsasən, sənəddə onun Şimali Kiprdə təhsil aldığı və sonradan İstanbul Universitetinə keçid etdiyi “University College of Northern Cyprus (UCNC)” adlı müəssisənin 1990-cı ildə YÖK tərəfindən tanınmadığı vurğulanır.
Bildirilir ki, prokurorluq İmamoğlunu “rəsmi sənəddə saxtakarlıq”da ittiham edərək onun 2 il 6 aydan 8 il 9 aya qədər azadlıqdan məhrum edilməsini və bəzi hüquqlarının məhdudlaşdırılmasını tələb edir.