2025-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə 131 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 98 milyon ABŞ dolları həcmində vəsait yönəldilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in BP-Azerbaijan şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü ilin göstəricisi ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 15 milyon ABŞ dolları (və ya 10,3%) azalıb. Əksinə, əsaslı xərclərdə 54 milyon ABŞ dolları, yəni 2,2 dəfə artım qeydə alınıb.
Statistik göstəricilərə əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək ümumilikdə 619 milyon ton (təxminən 4,7 milyard bareldən çox) xam neft nəql edib. Bu həcm Ceyhan terminalında 6 145 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Təkcə 2025-ci il ərzində ixrac olunmuş 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat 283 tankerlə yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri, o cümlədən Qazaxıstan, Türkmənistan və SOCAR-ın digər həcmləri də nəql olunur.
BTC Ko.-nun səhmdarları siyahısında əsas payçılar qismində BP (30,10%) və SOCAR (32,97%) yer alır. Digər iştirakçılar isə MOL (8,90%), TPAO (6,53%), "Eni" (5,00%), "TotalEnergies" (5,00%), "İtochu" (3,40%), "İnpex" (2,50%), "ExxonMobil" (2,50%) və ONGC (BTC) Limited (3,10%) şirkətləridir.