Britaniya hökuməti ev təsərrüfatlarının enerji xərclərini azaltmaq məqsədilə külək və günəş enerjisi istehsalçılarını uzunmüddətli sabit müqavilələrə keçməyə təşviq edən yeni planını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu təşəbbüs dəyişkən qaz qiymətləri ilə elektrik enerjisi xərcləri arasındakı tarixi asılılığı aradan qaldırmağa yönəlib.
Rəsmilərin sözlərinə görə, 2020-ci illərin əvvəllərində elektrik enerjisi qiymətlərinin 90%-i qaz tərəfindən müəyyən edilirdisə, hazırda bu göstərici 60%-ə düşüb.
"Reuters" agentliyinin məlumatına görə, iyul ayından etibarən ölkədə daxili enerji qiymətlərinin 10%-dən çox artacağı gözlənilir.
Artan xərclər "Leyboristlər" partiyasının rəhbərlik etdiyi hökumətin enerji xərclərini azaltmaq vədinə təhlükə yaradır. Energetika naziri Ed Miliband bildirib:
"Son beş ildə ikinci qalıq yanacaq şoku ilə üzləşdiyimiz bir vaxtda ölkəmiz üçün dərs aydındır: qalıq yanacaq təhlükəsizliyi dövrü başa çatıb və təmiz enerji təhlükəsizliyi dövrü başlamalıdır".
Hökumətin yeni planlarına əsasən aşağıdakı tədbirlər görüləcək:
- Elektrik şəbəkəsinə qoşulmaları və infrastruktur yenilənmələrini sürətləndirmək üçün planlaşdırma qaydalarının dəyişdirilməsi.
- Kirayənişinlərin və mənzil sakinlərinin elektromobil şarj cihazları, günəş panelləri və istilik nasosları quraşdırmasını asanlaşdırmaq.
- Bərpa olunan enerji layihələri üçün ictimai torpaqların, o cümlədən sənaye və dəmiryolu sahələrinin istifadəyə verilməsi.