ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla yenidən görüşə biləcəyi ilə bağlı ehtimallar gündəmdədir.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ağ Evin rəsmi nümayəndəsi “Yonhap” agentliyinin mümkün ABŞ-Şimali Koreya zirvə görüşünə hazırlıqla bağlı sualını cavablandırarkən Vaşinqtonun Pxenyana dair siyasətinin dəyişmədiyini bildirib.
Rəsmi şəxs qeyd edib ki, Donald Tramp ilk prezidentlik dövründə Koreya yarımadasında sabitliyin təmin edilməsi məqsədilə Kim Çen Inla üç dəfə görüşüb. Bildirilib ki, ABŞ Prezidenti Şimali Koreya lideri ilə heç bir ilkin şərt irəli sürmədən danışıqlar aparmağa hazırdır.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti də iki ölkə lideri arasında mümkün zirvə görüşünün hər an baş tuta biləcəyini açıqlayıb. NIS bu barədə parlamentin kəşfiyyat komitəsinə təqdim etdiyi hesabatda məlumat verib.
Öz növbəsində, Donald Tramp avqustun 19-da verdiyi açıqlamada Kim Çen Inla yaxşı münasibətlərə malik olduğunu bildirib və ilin sonuna qədər Şimali Koreya lideri ilə yenidən görüşə biləcəyinə işarə edib.
Belə bir görüşün baş tutması Koreya yarımadasında nüvə proqramı və təhlükəsizlik məsələləri ilə bağlı diplomatik təmasların yenidən intensivləşməsinə səbəb ola bilər.