Azərbaycanda Bakı İqlim Həftəsinin növbəti dəfə keçirilməsi nəzərdə tutulur. Bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan panel müzakirəsində məlumat verib.
Nazir çıxışı zamanı Azərbaycanın beynəlxalq və regional müstəvidə ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətinə toxunub. O bildirib ki, ölkəmiz BMT-nin əsas təsisatları ilə sıx əməkdaşlıq edir və 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokola qoşulub.
Rəşad İsmayılov Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayaraq, tədbirin mühüm nəticələrini xatırladıb:
- İtki və Zərər Fondunun fəaliyyətə başlaması;
- Adaptasiya üzrə Yol Xəritəsinin qəbulu;
- Bakı Maliyyə Hədəfinin müəyyən edilməsi.
Qeyd edək ki, cari ilin 7-11 sentyabr tarixlərində Konvensiyanın mandatı altında Bakı İqlim Həftəsi təşkil olunacaq. Xatırladaq ki, bu tədbir ilk dəfə 2024-cü ildə, ikinci dəfə isə 2025-ci ildə keçirilib.