Azərbaycanın vətəndaş cəmiyyəti Ermənistanın hava və suyu çirkləndirməsi ilə bağlı beynəlxalq qurumlara müraciət ünvanlayıb

Azərbaycanın vətəndaş cəmiyyəti Ermənistanın hava və suyu çirkləndirməsi ilə bağlı beynəlxalq qurumlara müraciət ünvanlayıb
18.07.2023 11:11
Aa
dəq

Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur (sübutlar və əsaslandırılmış faktlar əlavə olunur):

"Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir.

Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir.

Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər.

Hazırda Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə “EU4Environment” proqramı çərçivəsində qrantlar alır. Biz Avropa İttifaqına müraciət edirik ki, bu maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunması təmin edilsin.

Ermənistan BMT-in bir sıra konvensiyalarının, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espoo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur.

Biz bilirik ki, Birləşmiş Millətlər Təşkilatı və aşağıda adları sadalanan beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır və Ermənistanın yaratdığı ekoloji problemlərin həllində dəstək göstərə bilərlər. Biz inanırıq ki, BMT və digər qurumlar ekoloji problemləri həll etmək üçün təsirə məruz qalan ölkələr arasında diplomatik danışıqları və dialoqları asanlaşdıra bilər. Onlar qarşılıqlı faydalı həllərin tapılmasında dialoqu və əməkdaşlığı inkişaf etdirmək üçün vasitəçi kimi çıxış edə, həmçinin beynəlxalq QHT-ləri və region ölkələrindən (Gürcüstan və Azərbaycan QHT-ləri də daxil olmaqla) vətəndaş cəmiyyəti nümayəndələrini cəlb edərək zərərin dərəcəsini və potensial həll yollarını anlamaq üçün ətraf mühitin qiymətləndirilməsini həyata keçirməklə, texniki ekspertiza təklif edə bilərlər. Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik".

Müraciət aşağıdakı beynəlxalq qurumlara göndərilib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD)
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP)
Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP)
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)
BMT-in Qadın Agentliyi
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE)
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
BMT-nin insan hüquqları və ətraf mühit üzrə xüsusi məruzəçisi
BMT-nin zəhərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi
BMT-nin iqlim dəyişikliyi kontekstində insan hüquqlarının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi
Avropa Komissiyası
Avropa Şurası
Avropa Parlamenti
Avropa Ətraf Mühit Agentliyi
Avropa Şurası
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF)
Qlobal Ətraf Mühit Fondu (GEF)
“Friends of Earth” təşkilatı
İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI)
“Greenpeace” təşkilatı.

Sübutlar və faktlar:

Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çayları olan Oxçuçay və Araz çaylarına axıdılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır.
Ermənistanın Qafan mədən kompleksi daxilində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Qutqum (Qeqanuş) mədən tullantıları yatağı region üçün ciddi təhlükə yaradır. Əkərək (Aqarak) Mis-Molibden kombinatının tərkibində ağır metallar olan mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayında çirklənmə problemini daha da artırır.

İldə təxminən 10.000 unsiya qızılın emal edildiyi Göycə (Sevan) Daşdəm Qızıl Mədənində davam edən əməliyyatlar davamlı çirklənməyə səbəb olub və zəhərli çirkab suları yaxınlıqdakı çayları, o cümlədən Bərgüşad (Vorotan) çayını çirkləndirib. Bərgüşad çayı da öz növbəsində transsərhəd Araz çayına tökülür.
Ermənistanın Lori bölgəsində Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun hasil edir ki, bu da yaxınlıqdakı Tona (Debed) çayının çirklənməsinə səbəb olur. Tona çayı daha sonra Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə Ermənistanın vətəndaş cəmiyyəti, ekoloji fəallarının təzyiqlərinə nəticəsində hökumət tərəfindən ekoloji narahatlıqlara görə bağlanıb, lakin təəssüf ki, o, 2020-ci ildə istismarı bərpa edilib.
İldə təxminən 1,5 milyon ton filiz hasilatı ilə manqan filizi, manqan dioksidi və digər manqan məhsullarının istehsalına cavabdeh olan Qafan Manqan Zavodu Cənubi Qafqaz regionu üçün mühüm içməli su mənbəyi kimi istifadə olunan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir. Bu çirkləndiricilər müxtəlif sağlamlıq problemlərinə, o cümlədən tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəngə səbəb olur.

Mis, sink və qurğuşun istehsalı ilə məşğul olan Ellər (Qotayq) metallurgiya zavodu mühüm içməli su mənbəyi olan Arpaçayın mis, qurğuşun və kadmium kimi ağır metallarla çirkləndirilməsinə səbəb olur. Bu, ilk növbədə kükürd dioksidi, azot oksidləri və hissəciklərinin daxil olduğu havanın ciddi şəkildə çirklənməsi ilə insan sağlamlığına zərərli təsir göstərir.
İldə təqribən 100 min ton mis emal edən Göyçə (Geqarkunik) Mis Əritmə Zavodu atmosferə əhəmiyyətli miqdarda kükürd qazı və digər çirkləndiricilər buraxır. Bu, havanın çirklənməsinə və turşulu yağışların yaranmasına səbəb olur. Ellər zavodu kimi Göyçə Mis Əritmə Zavodunun da tullantı suları əsas içməli su mənbəyi olan Arpaçaya axıdılır. Nəticədə, Arpaçayın daşıdığı çirkləndiricilər sonda Araz çayına çatır.

Azərbaycan Respublikası ilə Ermənistanın sərhəddində - Arazdəyən (Yerasx) adlı ərazidə həyata keçirilən nəhəng metallurgiya zavodunun tikintisi dayandırılmalıdır. Bu zavodun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri böyük olacaqdır. İçməli su təchizatının bu cür çirklənməsi sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır, həm Azərbaycana, həm də Ermənistana təsir edən əhəmiyyətli ictimai səhiyyə böhranı yarada bilər.
Amuldağ (Amulsar) qızıl yatağında aparılan əməliyyatlar nəticəsində tərkibində ağır metallar olan mədən tullantıları Qafqaz dağlarında eroziya prosesini xeyli sürətləndirir. Yatağın tullantıları Bərgüşad (Vorotan) və Həkəri çayları vasitəsilə Araz çayına axıdılır. Yataq həm də Azərbaycan ərazisindən keçən Arpaçay və Bazarçay çayları arasındakı ərazidə yerləşir. Bu sənaye tullantıları son nəticədə Araz çayı ilə birləşən Kür çayı vasitəsilə Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə yaradır. Nəticədə təkcə Azərbaycana deyil, İrana və digər Xəzəryanı ölkələrə də böyük ekoloji ziyan vurur.
Yuxarıda qeyd olunan sənaye müəssisələrinin çirkab suları suda yaşayan canlılar aləminə mənfi təsir göstərir, həm ekosistem, həm də insanlar üçün ciddi təhlükə yaradır.
Ermənistanda dağ-mədən sənayesi ekoloji norma və standartların əksəriyyətini, habelə BMT Konvensiyalarını pozur, o cümlədən:
1. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası - 17 mart 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası ümumi su obyektlərin, beynəlxalq göllərin mühafizəsi və istifadəsinə yönəlmişdir. Konvensiya qəbul edir ki, insan fəaliyyəti nəticəsində transsərhəd sularda baş verən dəyişikliklər ətraf mühitə hər hansı əhəmiyyətli mənfi təsir etdiyi zaman tərəflər danışıqlar aparmalıdır. Bununla belə, Ermənistan transsərhəd su axarlarına ekoloji ziyan vurmaqla, bu Konvensiyanın qaydalarını və prinsiplərini pozur;

2. BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasının tərkib hissəsi olan “Su və sağlamlıq haqqında” protokol su ekosistemlərinin qorunmasına, su ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına, onlara nəzarət edilməsinə və təsirlərin azaldılmasına xüsusi diqqət yetirir. Konvensiyanın məqsədlərinə nail olmaq üçün protokolda iştirak edən tərəflər içməli suyun keyfiyyəti, axıdılma keyfiyyəti, su təchizatı və tullantı sularının təmizlənməsi sistemlərinin səmərəliliyi üçün milli və yerli hədəfləri müəyyən etməlidir. Protokolu imzalayan tərəf kimi Ermənistan transsərhəd su axarlarına və göllərə ziyan vuran mədən əməliyyatları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir;

3. BMT-nin Avropa İqtisadi Komissiyası təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət haqqında Bazel Konvensiyasının əsas məqsədi insan sağlamlığını və ətraf mühiti təhlükəli tullantıların mənfi təsirlərindən qorumaqdır. Konvensiyaya imza atan Ermənistan yuxarıda qeyd olunan dağ-mədən sənayesinin təhlükəli tullantıları ilə ətraf mühitə zərər vuraraq konvensiyanın tələblərinə əməl etmir;

4. Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair BMT Konvensiyası havanın çirklənməsi siyasətinin beynəlxalq koordinasiyasına dair çərçivə təmin edir. Konvensiyanın və onun protokollarının ratifikasiyası və həyata keçirilməsi bir çox tərəflər üçün sağlamlıq və ətraf mühitə təsirləri birtərəfli tədbirlərlə daha səmərəli şəkildə azaltmaq məqsədi daşıyır. Ermənistan indiyədək apardığı mədən sənayesi işləri ilə bağlı atmosferin uzunmüddətli çirkləndirilməsi ilə əlaqədar danışıqların aparılması üçün təşəbbüs göstərməmişdir;

5. BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası (Espo Konvensiyası) da Ermənistan tərəfindən pozulan sənədlərdən biridir. Espo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını etiraf edir və bu məsələlərin transsərhəd bir neçə dövlətə təsir etdiyi halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır. Azərbaycan tərəfinin qarşılıqlı razılaşması olmadan Ermənistan tərəfindən sərhəddə aparılan tikinti işləri transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci il Espo Konvensiyasının açıq şəkildə pozulmasıdır;

6. Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusən də “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” üzrə 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim dəyişikliyinin nəticələri ilə mübarizə” üzrə 13-cü və “Yer Ekosisteminin Mühafizəsi” mövzusunda 15-ci hədəflərin də əleyhinə çıxır;

7. BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri mədən sənayesi də daxil olmaqla biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün çərçivə müəyyən edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarını qorumaq, ətraf mühitə mənfi təsirlərin qarşısını almaq və təsirə məruz qalmış icmalarla şəffaf, inklüziv şəkildə ünsiyyət qurmaq ehtiyacını vurğulayır. Biz həmçinin şirkətləri yuxarıda qeyd olunan riskləri qəbul etməyə və ətraf mühitə böyük mənfi təsirləri olan dağ-mədən sənayesinə dəstəyini dayandırmağa çağırırıq;

8. Orhus Konvensiyası ətraf mühit məsələlərində informasiyaya çıxışın, ictimaiyyətin iştirakının və ədalətin təmin edilməsində mühüm rol oynayır. Bu Konvensiyanı imzalayan Ermənistan zərər çəkmiş regionun əhalisinin mədən fəaliyyəti, qərarların qəbulu proseslərində iştirakı və ətraf mühitə dəyən zərərin aradan qaldırılması yolları haqqında məlumat əldə etməsini təmin etməklə, öz öhdəliklərini yerinə yetirməlidir.

Biz beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə çağırırıq.

Müraciəti aşağıdakı QHT-lərin rəhbərləri imzalayıblar:

1. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu Sabit Bağırov
2. “Sağlamlığa Xidmət” İctimai Birliyi Pərvanə Vəliyeva
3. “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi İsrayıl İskəndərov
4. D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti Novella Cəfərova
5. Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi Qəmzə Yusubova
6. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Ramil İsgəndərli
7. “Sudan İstifadə Sahəsində Ekspertlər” İctimai Birliyi Amin Məmmədov
8. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Zaur İbrahimli
9. Konstitusiya Araşdırmalar Fondu Əliməmməd Nuriyev
10. Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyi Günel Səfərova
11. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Sahib Məmmədov
12. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Xalid Kazımov
13. İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Səltənət Qocamanlı
14. Neft Araşdırmalar Mərkəzi İlham Şaban
15. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi Əhməd Abbasbəyli
16. “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi Səadət Bənənyarlı
17. Demokratiya və İnsan Hüquqları Komitəsi Çingiz Qənizadə
18. “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Anar Xəlilov
19. “Elmi Araşdırmalar” İctimai Birliyi Telman Qasımov
20. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi Elman Cəfərli
21. Biosfer İctimai Birliyi Qorxmaz İbrahimli
22. Sosial-iqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Rahilə Mehtiyeva
23. “Səma və Eko” Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi İradə Həsənova
24. “Şəfəq” Ekoturizm İctimai Birliyi Vamiq Babayev
25. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi Çingiz Ramazanlı
26. Hemofiliyalı Xəstələr İctimai Birliyi Ayaz Hüseynov
27. Azərbaycan Uşaqları İctimai Birliyi Kəmalə Ağazadə
28. Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi Səməd Vəkilov
29. “Sağlamlığın Qorunması” İctimai Birliyi Yazgül Abdıyeva.

Həftənin ən çox oxunanları

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Almaniya kansleri ilə görüşüb

İlham Əliyev Almaniya kansleri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib
DAVAMIN OXU davamın oxu

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
DAVAMIN OXU davamın oxu