Azərbaycan da quraqlıq təhlükəsi ilə üz-üzə olan ölkələr sırasındadır. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun araşdırmalarına görə, son 20 ildə ölkə üzrə orta çoxillik yağıntının miqdarı 8 faizə qədər azalıb.
Ayrı-ayrı illər üzrə yuxarı və aşağı orta yağıntı göstəricilərini müqayisə etdikdə, fərq daha kəskin müşahidə edilir. Əgər 2011-ci ildə Azərbaycana düşən orta yağıntı miqdarı 606 millimetr olmuşdusa, 2016-cı ildə bu, 570 millimetrə, 2022-ci ildə isə 375 millimetrə qədər azalıb.
Orta yağıntı miqdarının azalması, təbii ki, aqrar fəaliyyət üçün əlverişsiz vəziyyət yaradır. Amma qlobal istiləşmə nəticəsində, bəzən yağıntı normaya yaxın olsa belə, aqrar fəaliyyətə zərər vurur. Belə illərdən biri də ötən 2023-cü il olub. İl ərzində orta yağıntı göstəricisi 480 millimetrə bərabər olan normaya yaxın olsa da, bu, aqrar fəaliyyət üçün əlverişsiz olub.
Bu əlverişsiz hava şəraitinin ən çox zərər verdiyi sahə pambıqçılıq olub. Quraqlıq və daşqınlar pambığın normal vegetasiyası üçün əlverişsiz şərati yaradıb. Lakin bununla belə, sahələrin məhsuldarlığında cüzi azalma müşahidə edilib. Əgər 2022-ci ildə hər hektardan 28,8 sentner pambıq yığılmışdısa, 2023-cü ildə bu göstərici cüzi azalaraq, 28,4 sentnerə düşüb.
Birləşmiş Millətlər Təşkilatının kənd təsərrüfatı qurumu FAO quraqlıqdan əziyyət çəkən ölkələrin taxıl probleminin həllin sorqo əkinlərində görür.
Başqa adı hind darısı olan sorqonun suya olan tələbatı buğda ilə müqayisədə 1,7 dəfə aşağıdır. İlkin araşdırmalar bu bitkinin Azərbaycanda da böyük perspektivlərinin olduğunu göstərir.
Təcrübə göstərir ki, 100 kiloqram sorqo dəninin yetişdirilməsi üçün 30 ton su lazımdır, amma eyni miqdarda arpa, buğda və ya yulaf yetişdirilməsi üçün 50 ton suya ehtiyac var.
Sorqo ona lazım olan suyu güclü kök sistemi ilə torpağın dərin qatlarından götürür. Bu, sorqonun suya olan ehtiyacının çox hissəsini yağış suları hesabına təmin etməsinə imkan yaradır.
FAO-nun Böyük Səhranın yaşıllaşdırılması üzrə Seneqalda apardığı təcrübələrdən aydın olub ki, sorqo ona lazım olan suyun yalnız 10-15 faizini suvarma yolu ilə alır. Yəni 100 kiloqram sorqo yetişdirmək üçün, əslində, suvarma vasitəsi ilə 450 litr su vermək yetərlidir.
FAO bu addımı ilə Seneqalın Böyük Səhraya yaxın ərazilərində əsrlər boyu ot bitməyən torpaqları əkin dövriyyəsinə qaytarır. Bunun üçün yağışlar dövründə torpaqda 20-30 santimetr dərinlikli, diametri 2 metrə çatan xüsusi yarımdairəvi çalalar qazılır.
Çuxurdan çıxarılan torpaq çalaının aşağı maili tərəfində bənd kimi yığılır. Nəticədə, yağış sularının toplandığı gölməçələr yaranır, su çəkiləndən sonra isə çalanın içindəki torpaq əkin üçün yararlı hala gəlir. FAO-nun tövsiyyəsi ilə həmin çalalara sorqo əkilir.
FAO bu üsulla Böyük Səhranın içinə doğru irəliləyən Böyk Yaşıl Divar yaratmaq niyyətindədir. Bunun üçün, sonrakı mərhələlərdə çalaların içərisinə ağaclar və kollar əkilir. Bu, torpağın münbitliyini xeyli artırır və rütubətin daha dayanıqlı şəkildə qorunmasına imkan yaradır.
Suya tələbatının az olmasına baxmayaraq, sorqo məhsuldarlığına görə digər taxıl növlərindən geri qalmır. Dəmyə üsulla yetişdirilən sorqo sahələrindən hektardan 2 tona yaxın ərzaq dəni yığılır. Suvarma yolu ilə isə hektardan orta məhsuldarlıq 4 tona yaxın olur.
Beynəlxalq səviyyədə aparılan araşdırmalar göstərir ki, sorqo unu tərkibində olan antioksidantların miqdarına görə digər taxıllardan daha üstün vəziyyətdədir. Antioksidantlar bədəndə sərbəst radikalların səbəb olduğu oksidləşmə prosesi ilə mübarizə aparan molekullardır.
Oksidləşmə prosesi adətən bədəndə bərk cisimlərin toplanması ilə nəticələnir, yəni xərçəngə səbəb olur. Bu baxımdan, sorqo unu ilə qidalanmaq orqanizmdə xərçəng riskini aşağı salır. Qlütensiz olması da sorqo çörəyini dünyada getdikcə populyar edir.
Sorqo əkinləri heyvandarlıq baxımından da əlverişlidir və hər hektardan ildə 9 tona yaxın yaşıl kütlə götürmək olur. Sahələrin biçindən sonra yenidən cücərməsi fermerləri xüsusi ilə maraqlandırır.
Məhz bu cəhəti sorqonu Azərbaycan fermerləri üçün də maraqlı edib. Artıq bir neçə ildir ki, Azərbaycanda sorqo əkirlər. Bu məsələdə Qazax və Zərdab rayonları xüsusilə fəaldır.
Dövlət də sorqo əkinlərinin genişlənməsinə xüsusi qayğı göstərir. 2023-cü ildə Aqrar Sığorta Fondu tərəfindən hər hektar sorqo sahəsinə 140 manat subsidiya verilib. Təkrar əkin kimi sorqo becərənlər isə hektar başına 100 manat alıblar.
Artıq Azərbaycan fermerləri sorqo dəni istehsalına da başlayıblar. 2023-cü ildə Azərbaycan ərzaq bazarına 80 tona yaxın yerli sorqo dəni daxil olub. May ayında yeni sorqo mövsüm başlayacaq və çox güman ki, Azərbaycanda bu bitkinin sahələri artacaq.
Nəzər almaq lazımdır ki, sorqo quraqlıqla üzləşən ölkələr üçün yeni əkin trendidir. Əgər 8-10 il qabaq sorqo əkinində liderlik Amerika Birləşmiş Ştatlarının payına düşürdüsə, hazırda Nigeriya və Sudan kimi Afrika ölkələri ön sıraya keçiblər.
Sorqo əkinləri şoran sahələrin münbitləşdirilməsinə də imkan yaradır. Bu amil 400 min hektara yaxın torpaq sahəsinin müəyyən səviyyədə şoranlaşması müşahidə edilən Azərbaycanın da sorqo liderləri sırasında olmasını vacib edir.