Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti kəskin dəyişərək 2,17 ABŞ dolları (3 %) ucuzlaşıb və 70,03 ABŞ dolları təşkil edib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə neft bazarındakı mənbə tərəfindən məlumat verilib.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 70,88 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında (FOB bazası) "Azeri Light" neftinin satış qiyməti də 2,23 ABŞ dolları (3,19 %) azalaraq 67,55 ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın cari il üçün dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.
Tarixi statistikaya nəzər salsaq, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Ölkədə bu marka neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil olunur. Həmin müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.