Azərbaycanda məhkəmə ekspertizası xidmətlərinin yeni qiymətləri rəsmən təsdiqlənib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla məhkəmə ekspertizası idarələrində aparılan ekspertizaların siyahısı və göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği müəyyənləşib.
Məhkəmə ekspertizası idarələrində fəaliyyətlə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği ekspertizanın prosessual növlərinə görə aşağıdakı kimi müəyyən edilir:
- İlkin məhkəmə ekspertizasının aparılmasına görə: cədvəllə təsdiq edilmiş məbləğin 100%-i həcmində;
- Əlavə məhkəmə ekspertizasının aparılmasına görə: ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 50%-i həcmində;
- Təkrar məhkəmə ekspertizasının aparılmasına görə: ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 120%-i həcmində;
- Kompleks məhkəmə ekspertizasının aparılmasına görə: təyin (sifariş) olunmuş ekspertizalar üçün müəyyən edilmiş ilkin ekspertizaların hər birinin məbləğlərinin cəmi;
- Komission məhkəmə ekspertizasının aparılmasına görə: cəlb edilmiş hər bir ekspertə müəyyən edilmiş ilkin ekspertizanın məbləğinin 50%-i miqdarında əlavənin hesablanması.
Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına görə ödənilən haqqın məbləği:
- Həmin şəhər və ya rayonda iştirak üçün – 50 manat
- Digər şəhər və ya rayonda iştirak üçün – 100 manat
Məhkəmə ekspertizası idarələrində meyitlərlə bağlı xidmətlərə görə sanitara ödənilən haqqın məbləği:
- Meyitlərə gigiyenik qulluq və onların formalinlə fiksasiyasına görə – 100 manat
- Meyitlərin quru buzla təmin edilməsinə görə – 100 manat