Azərbaycanda yaşayış yerində qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi məqsədilə yeni mexanizm hazırlana bilər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva məlumat verib. O, sözügedən təklifi Milli Məclisin bugünkü plenar iclasında, 2025-ci il üzrə fəaliyyət məruzəsini təqdim edərkən irəli sürüb.
Ombudsmanın sözlərinə görə, yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvanda əvvəllər qeydiyyatda olan şəxslərin çıxarılması üçün məhkəmədənkənar sadələşdirilmiş mexanizm işlənib hazırlanmalıdır.
Bu məqsədlə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna zəruri dəyişikliklərin edilməsi vacib sayılır. Bu addım həm məhkəmələrin iş yükünün azaldılması, həm də mülkiyyətçinin hüquqlarının daha səmərəli təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Səbinə Əliyeva həmçinin əlavə edib ki, borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizmlərinə yenidən baxılması və qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi aktual məsələlərdən biri olaraq qalır.