Azərbaycanda ov mövsümünün müddəti uzadılıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlikdə fəaliyyət göstərən Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclasında ov mövsümünün müddətinin artırılması ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, ov mövsümü 1 mart 2026-cı il tarixinədək davam edəcək.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nümayəndəsi Arzu Babayevanın sözlərinə görə, ölkə üzrə quşların qış sayğısı artıq başa çatıb. Aparılan monitorinqlər və mütəxəssis müşahidələri nəticəsində quş populyasiyalarının hazırkı mərhələdə stabil olduğu müəyyən edilib. Mövcud ekoloji vəziyyət, quşların qışlama dövrünün xüsusiyyətləri və ov həvəskarlarından daxil olan müraciətlər nəzərə alınaraq ov mövsümünün uzadılması məqsədəuyğun hesab edilib.
Xidmət rəsmisi xüsusi olaraq vurğulayıb ki, ov mövsümü ərzində vətəndaşlar mütləq şəkildə mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Ov yalnız müəyyən olunmuş limitlər çərçivəsində və müvafiq icazə sənədləri əsasında həyata keçirilməlidir. Milli parklar, dövlət təbiət qoruqları və digər qadağan olunmuş ərazilərdə ov etmək isə qəti şəkildə yolverilməzdir.