Azərbaycanda orta aylıq nominal əməkhaqqı bu ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 % artaraq 1 099 manat təşkil edib.
“Operativ Məlumat Mərkəzi-OMM” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində maaş göstəriciləri daha yüksək olub.
Bu il martın 1-nə ölkədə muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 784 min nəfər qeydə alınıb. Onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin iqtisadiyyat sahələri üzrə məşğulluq bölgüsü aşağıdakı kimi formalaşıb:
- 18,5 % — ticarət; nəqliyyat vasitələrinin təmiri
- 18,3 % — təhsil
- 13,8 % — sənaye
- 8,6 % — əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
- 6,5 % — tikinti
- 6,1 % — dövlət idarəetməsi və müdafiə; sosial təminat
- 4,4 % — nəqliyyat və anbar təsərrüfatı
- 4,0 % — peşə, elmi və texniki fəaliyyət
- 2,4 % — maliyyə və sığorta fəaliyyəti
- 2,3 % — kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
- 15,1 % — iqtisadiyyatın digər sahələri