İngiltərə Premyer Liqasının lideri “Arsenal” hücum xəttini gücləndirmək üçün Avropanın ən yaxşı oyunçularından birini hədəfə alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" İspaniya mediasına istinadən xəbər verir ki, "topçular"ın idman direktoru Andrea Berta, "Barselona"nın ulduzu Rafinya üçün 100 milyon avroluq rekord məbləğdə təklif göndərməyə hazırlaşır.
Mikel Artetanın yetirmələri son turda "Brentford" ilə 1-1 hesablı heç-heçə edərək çempionluq yolunda kritik xallar itiriblər. Hazırda turnir cədvəlinin zirvəsində yer alan London klubu, ən yaxın izləyicisi "Mançester Siti"ni 4 xal qabaqlayır. Lakin son 18 xaldan cəmi 9-nu toplaya bilən "Arsenal"ın hücum xəttindəki səmərəliliyin azalması rəhbərliyi hərəkətə keçirib.
Rafinya əsasən sağ cinah oyunçusu olsa da, "Barselona"da Lamin Yamalın parlamasından sonra sol cinahda da uğurla çıxış edir. "Arsenal"da hazırda sol cinah üçün Martinelli, Trossard və Eze arasında rotasiya edilsə də, heç bir oyunçu bu mövqeni tam olaraq mənimsəyə bilməyib.
Rafinyanın "Barselona"da xoşbəxt olduğu və Hansi Flikin rəhbərliyi altında gələn mövsüm komandanın kapitanlarından biri olacağı gözlənilir. Lakin "Arsenal"ın bu mövqeyə "astronomik" büdcə ayırması hər şeyi dəyişə bilər.