Ermənistan tərəfi Azərbaycan və Türkiyə istiqamətindəki dəmir yolu sahələrinin bərpa işlərinin Rusiya ilə birgə həyata keçiriləcəyini gözləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib.
Nazir Xudatyan qeyd edib ki, hazırda İcevan və Axurik istiqamətlərindəki yolların bərpası ilə bağlı Rusiya tərəfi ilə danışıqlar davam etdirilir:
"Bizdə belə bir anlayış var ki, qeyd olunan sahələrdə bərpa işləri Rusiya tərəfinin birbaşa iştirakı ilə reallaşdırılacaq".
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinə Türkiyə və Azərbaycana aparan sərhədyanı dəmir yolu sahələrinin təcili bərpası ilə bağlı tapşırıq verib.
Həmin tapşırıq Arazdəyəndən (Yerasx) Naxçıvanla sərhədə qədər olan hissəni, həmçinin Axurikdən Türkiyə sərhədinə qədər olan sahəni əhatə edir.
İlkin hesablamalara görə, rəsmi İrəvan dəmir yolu əlaqəsinin təmiri üçün ümumilikdə 500 milyon dollara yaxın vəsait xərcləməyi planlaşdırır.