Britaniya və ABŞ hərbçiləri İraq Kürdüstanındakı Ərbil aviabazasında təlimlər zamanı həlak olublar.
“Operativ Məlumat Mərkəzi-OMM” "NBC News"a istinadən xəbər verir ki, bu barədə ABŞ və Böyük Britaniya Silahlı Qüvvələrinin nümayəndələri bildiriblər.
Hadisə mayın 31-də baş verib və təfərrüatları açıqlanmır. ABŞ Silahlı Qüvvələrinin nümayəndələri qeyd ediblər ki, həlak olan ABŞ vətəndaşının şəxsiyyəti ailəsinə xəbər verildiyi andan etibarən bir sutka keçənədək açıqlanmayacaq.
Böyük Britaniyanın Müdafiə Nazirliyi dəqiqləşdirib ki, həlak olan britaniyalı hərbçinin ailəsi də əlavə məlumatlar dərc edilməzdən əvvəl möhlət verilməsini xahiş edib.
2026-cı ilin əvvəlində ABŞ İraqdakı hərbi obyektlərin bir çoxundan qoşunlarını çıxarıb, lakin Ərbildəki "Əl-Xərir" aviabazasında mövcudluğunu saxlayıb. Aviabazadan Böyük Britaniya Silahlı Qüvvələri də istifadə edir. ABŞ və İsrailin İranla münaqişəsi başladıqdan sonra aviabaza dəfələrlə İran dronlarının hücumuna məruz qalıb. Martın 12-də endirilən zərbə nəticəsində bir neçə amerikalı hərbçi xəsarət alıb.