ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, buna səbəb amerikalıların Anım Gününü (Memorial Day) qeyd etməsidir.
"Hər il amerikalılar Anım Günündə (Memorial Day) ABŞ Silahlı Qüvvələrində xidmət keçərkən həyatını qurban vermiş qəhrəman qadın və kişiləri ehtiramla yad edirlər. Amerika müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir dövrdə biz azadlıq, sülh və bizi birləşdirən dəyərlər uğrunda canından keçən insanları minnətdarlıqla xatırlayırıq. Onların fədakarlığı heç vaxt unudulmayacaq. Nəzərinizə çatdırırıq ki, ABŞ səfirliyi bayram münasibətilə mayın 25-i, bazar ertəsi günü bağlı olacaq", - səfirliyin paylaşımında vurğulanıb.
Xatırladaq ki, Anım Günü (Memorial Day) ABŞ-də hər il may ayının son bazar ertəsi günü keçirilən Amerika bayramıdır. Bir çox amerikalı həmin gün qəbiristanlıqları və abidələri ziyarət edir, ailələri ilə birgə toplaşaraq paradlara qatılmaqla qeyd edirlər. ABŞ şəhərlərində hərbi heyətin və veteran təşkilatlarının birgə iştirakı ilə paradlar keçirilir.