Yaponiya hökuməti təbii fəlakətlər zamanı dövlət idarəçiliyinin fasiləsiz davam etməsi üçün ehtiyat paytaxtın müəyyənləşdirilməsi istiqamətində mühüm addım atıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Kyodo News" agentliyinin məlumatına görə, ölkə parlamentinin Nümayəndələr Palatası fövqəladə vəziyyət zamanı dövlət funksiyalarını yerinə yetirəcək ehtiyat paytaxtın yaradılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
Məlumata əsasən, hakim Liberal Demokrat Partiyası (LDP) və koalisiya tərəfdaşı Yaponiya İnnovasiya Partiyasının (JIP) irəli sürdüyü təşəbbüs Baş nazirə ehtiyat paytaxtın seçilməsi səlahiyyəti verir.
Qanun layihəsinə görə, ehtiyat paytaxt müəyyən edilərkən regionun əhali sayı, iqtisadi potensialı və digər mühüm göstəricilər nəzərə alınacaq. Valiliklərin təqdim etdiyi müraciətlər hökumət tərəfindən qiymətləndirilərək ən uyğun namizəd seçiləcək.
Hakim partiyalar bildirirlər ki, yeni paytaxt üçün əsas meyarlardan biri təhlükəsizlikdir. Namizəd bölgə Tokio ilə eyni təbii fəlakət risklərinə, xüsusilə güclü zəlzələ təhlükəsinə məruz qalmamalıdır.
Qeyd edək ki, LDP və JIP qanun layihəsinin parlamentin Məsləhətçilər Palatasında da qəbul edilərək cari sessiya başa çatmadan qüvvəyə minməsinə çalışırlar.