Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə əlaqədar yaradılan müvəqqəti xüsusi hərəkət zolaqları tədbirin başa çatması ilə öz qüvvəsini itirir. Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən “Operativ Məlumat Mərkəzi-OMM” yayıb.
Məlumata əsasən, sabahdan etibarən həmin zolaqlarda quraşdırılan 5.9 saylı avtobus zolağı yol nişanları götürüləcək. Nişanların yığışdırılması ilə sözügedən zolaqlar qüvvədən düşmüş sayılacaq və sürücülərin bu ərazilərə daxil olmasına icazə veriləcək.
Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən, bəzi istisnalar qüvvədə qalır:
- Mehdi Abbasov küçəsində təşkil olunan xüsusi hərəkət zolağı fəaliyyətini davam etdirəcək.
- Bu qərar ictimai nəqliyyatın sözügedən ərazidən maneəsiz və fasiləsiz keçidini təmin etmək məqsədi daşıyır.
Sürücülərdən yol hərəkəti qaydalarına riayət etmələri və hələ də nişanlarla tənzimlənən zolaqlarda qanunun tələblərinə uyğun davranmaları xahiş olunur.