Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxış edib. "Urbisiddən dirçəlişə: Azərbaycanın azad olunmuş ərazilərində dayanıqlı yenidənqurma, yenidən məskunlaşma və inkişaf" adlı tədbirdə çıxış edən V.Hacıyev mina probleminin bölgədəki bərpa işləri üçün əsas çətinliklərdən biri olduğunu vurğulayıb.
Xüsusi nümayəndə qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi hələ də qalmaqdadır: "Bununla belə, insanların yaşadığı ərazilər kifayət qədər təhlükəsizdir. Mina problemi əsas çağırışlardan biri olaraq qalır və insanların təhlükəsizliyini təmin edən, minaların ətraf mühitə təsirini azaldan minatəmizləyənlər hazırda yorulmadan çalışırlar".
Vahid Hacıyev "Böyük Qayıdış" proqramının əsas hədəflərinə də toxunub:
- Dayanıqlı məskunlaşmanın təmin edilməsi.
- Yalnız yaşayış evlərinin inşası deyil, həm də əhalinin ləyaqətli və rifah içində yaşaması üçün zəruri infrastrukturun qurulması.