Məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətli və təhlükəsiz şəraitdə qayıtması qarşıya qoyulan əsas hədəflərdən biridir. Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Urbisiddən dirçəlişə: Azərbaycanın azad olunmuş ərazilərində dayanıqlı yenidənqurma, yenidən məskunlaşma və inkişaf" adlı tədbirdə məlumat verib.
Vahid Hacıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər yalnız tikinti ilə məhdudlaşmır, həm də yaşayış məntəqələrinin səmərəli idarə olunmasına xüsusi diqqət yetirilir. Regionun yüksək günəş enerjisi potensialından istifadə edildiyini vurğulayan xüsusi nümayəndə, binalarda günəş panellərinin tətbiqini diqqətə çatdırıb.
İdarəetmə prosesi ilə bağlı məlumat verən V. Hacıyev bildirib ki, bütün kənd və şəhərlər GIS platforması əsasında qurulmuş ağıllı idarəetmə sisteminə inteqrasiya edilib:
- Evlərdən qaz xətlərinə qədər bütün infrastruktur nəzarətdə saxlanılır.
- Torpaq sahələri, binalar, yollar və kommunal xətlər dəqiq koordinatlarla rəqəmsal xəritələşdirilib.
Xüsusi nümayəndənin sözlərinə görə, bu rəqəmsal sistem qərarların daha sürətli qəbul edilməsinə, qurumlararası koordinasiyanın gücləndirilməsinə və gələcək inkişaf proseslərinin səmərəli idarə olunmasına şərait yaradır.