Türkiyənin teatr və kino dünyasının tanınmış simalarından biri olan aktyor Zihni Göktay son mənzilə yola salınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 80 yaşında dünyasını dəyişən sənətkar üçün İstanbulun Üsküdar rayonundakı Şakirin məscidində vida mərasimi keçirilib.
Məlumata görə, mərhum aktyorun cənazə namazı günorta namazından sonra qılınıb. Vida mərasimində Zihni Göktayın ailə üzvləri, yaxınları, eləcə də mədəniyyət və incəsənət dünyasının çoxsaylı nümayəndələri iştirak ediblər.
Sənətkarın qızı Zeynep Göktay Dilbaz jurnalistlərə açıqlamasında atasının teatra olan böyük sevgisindən danışıb. O bildirib ki, atası bütün həyatını sənətə həsr edib və peşəsinə bağlı insan olub.
“Uşaqlığım boyunca atamın çox gərgin işlədiyini görmüşəm. O, peşəsinə aşiq bir insan idi”, - deyə Zeynep Göktay Dilbaz qeyd edib.
O, atasının ona xoşbəxt uşaqlıq bəxş etdiyini vurğulayaraq, Zihni Göktayın sənət irsini yaşatmağın ailə üçün böyük məsuliyyət olduğunu bildirib. Qızı qeyd edib ki, mərhum aktyor bir çox insanın həyatına müsbət təsir göstərib.
Zihni Göktayın uzun illər birlikdə çalışdığı həmkarı Hikmet Körmükçü də sənətçi ilə bağlı xatirələrini bölüşüb. O, Göktayın 53 illik dostu və səhnə tərəfdaşı olduğunu, bir çox tamaşa və seriallarda birgə çalışdıqlarını bildirib.
Digər sənətçi Yavuz Karakaş isə Zihni Göktayın çox dəyərli və gözəl insan olduğunu qeyd edib.
Vida mərasiminin ardından usta aktyorun cənazəsi İstanbulun Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb.